Yunanıstanın maliyyə yardımının II paketini alacağı ilə bağlı xəbərlər və ABŞ-da əmək bazarı ilə bağlı dərc eilən göstəricilərin fonunda neft qiymətləri 6 həftəlik maksimum səviyyəsinə yüksəlmişdir. NYMEX ticarət sesiyasının nəticələrinə əsasən neft qiymətləri 0.51 dollar artımla hər barrelə görə 102.31 dollar səviyyəsinə yüksəlmişdir. Neft qiymətlərinə müsbət təsir edən faktorlardan biri Yunanıstana maliyyə yardımı ilə bağlı dərc edilən xəbərlərdir. Belə ki, ölkənin fevral ayının 20-də maliyyə yardımının II paketini alacağı gözlənilir. Neft qiymətlərinə müsbət təsir edən digər önəmli faktorlardan biri isə ABŞ-ın əmək bazarındakı durumdur. Belə ki, dərc edilən son məlumatlara əsasən ölkədə işsizlik təzminatıyla bağlı müraciət edənlərin sayı 2008-ci ildən etibarən minimal səviyyəsinə enmişdir. Londonda Brent markalı neftin də qiyməti 1.18 dollar artımla hər barrelə görə 120.11 dollar səviyyəsinə yüksəlmişdir.




